BDU-da kiber gigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb
Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” MMC-nin birgə təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş elmi seminar keçirilib. Tələbə və gənc tədqiqatçıların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, bu sahədə ən son yeniliklərlə məlumatlandırılmaları məqsədilə keçirilən seminarda “Checkpoint Cybersecurity” şirkətinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Şahin Soltanov və “Codelandia” MMC-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Toğrul Xəlilov “Kiber immunitet: kiber gigiyena və onlayn təhlükələrdən qorunma” mövzusunda məruzə ilə çıxış ediblər.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov çıxış edərək, dövlət-özəl tərəfdaşlığı ilə Universistetdə təşkil edilən və bu istiqamətdə “Codelandia” MMC ilə həyata keçirilməsi nəzərdə tutulan layihələr barəsində tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, belə əməkdaşlıqlar BDU tələbələrinin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artmasına, onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr kimi formalaşmasına imkan verəcək.
Daha sonra məruzəçilər - Şahin Soltanov və Toğrul Xəlilov kibertəhlükələrə qarşı sistemlərin və fərdi istifadəçilərin dayanıqlılığını artırmaq məqsədilə tətbiq edilən təhlükəsizlik yanaşması, rəqəmsal dövrdə informasiya təhlükəsizliyinin təmin edilməsi, şəxsi və korporativ məlumatların qorunması və kiberhücumların qarşısının alınması üsullarından söz açıblar. Həmçinin təhlükəsizlik sistemlərinin gücləndirilməsi, mütəmadi yenilənmələr, süni intellektin tətbiqi, şəbəkə təhlükəsizliyi və insan faktorunun rolu, müasir texnologiyalardan istifadə etməklə şirkətlərin və fərdlərin kibertəhlükələrdən müdafiəsi, habelə kiber immunitetin gələcəyi – inkişaf edən kibertəhlükələrə qarşı yeni həllərin tətbiqi, süni intellekt və maşın öyrənmənin təhlükəsizlik sahəsində rolu və dövlətlər səviyyəsində kibertəhlükəsizlik strategiyalarının formalaşdırılması kimi mövzular ətrafında da fikirlərini bildiriblər.
Sual-cavab formatında davam edən seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.
Qeyd edək ki, BDU-nun tələbə və gənc tədqiqatçılarının süni intellekt əsaslı texnologiyalar və informasiya təhlükəsizliyi sahələrində bilik və bacaqırlarının daha da artırılması, onların bu sahələr üzrə ən son yeniliklər barəsində məlumatlandırılması, habelə istehsalatdan olan mütəxəssislərin təcrübəsindən yararlanmaları məqsədilə bu mövzularda müxtəlif məzmunlu tədbirlərin davamlı olaraq təşkili planlaşdırılır.