BDU tələbələri DİA-da “Azərbaycanın dövlət müstəqilliyi və konstitusion inkişaf tarixi” mövzusunda məruzə ediblər
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbir keçirilib.
Akademiyanın müxtəlif kurslarından olan tələbələrinin iştirak etdiyi tədbirdə "Tələbədən tələbəyə” layihəsinin təlimçiləri – BDU-nun Hüquq fakültəsinin II kurs tələbələri Xəyal Əhməd və Jalə Nuriyeva əvvəlcə “Elm günü”nün mahiyyəti haqqında məlumat verib, bu günün ölkədə elmin inkişafına, alimlərin fəaliyyətinə, eləcə də elmi-tədqiqat institutlarına verilən önəmin göstəricisi olduğunu vurğulayıblar. Daha sonra tələbələr “Azərbaycanın dövlət müstəqilliyi və konstitusion inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan dövlətçiliyinin müstəqillik yolu, konstitusional inkişaf mərhələləri, eləcə də 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xüsusi təşəbbüsü və müəllifliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti və rolu barədə geniş məlumat veriblər. Tədbirdə suverenlik anlayışı və mahiyyəti müzakirə olunub, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyinin tam bərpa edildiyi diqqətə çatdırılıb.