BDU-nun Çin ali təhsil müəssisələri ilə əlaqələri genişlənir
Çin Xalq Respublikasının (ÇXR) “Kəmər və yol” təşəbbüsünün elm və texnologiya üzrə baş katibinin müavini Renying Li, Renmin Universitetinin Chongyang Maliyyə Tədqiqatları İnstitutunun dekanı Vang Ven və Tsinghua Universitetinin Şvarçman Kollecinin dekanı Pan Qingzhong Bakı Dövlət Universitetində (BDU) olub.
Qonaqları salamlayan BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Azərbaycan-ÇXR əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. BDU-nun Çin ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq etdiyini qeyd edib. O, ÇXR-in Pekin şəhərində yerləşən nüfuzlu ali təhsil ocaqları olan Tsinghua və Renmin universitetləri ilə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qonaqların diqqətinə çatdırıb.
Görüşdə iqtisadiyyat və biznesin idarə edilməsi, ekologiya, pedaqoji və tətbiqi elmlər istiqamətlərində ikili diplom proqramlarının yaradılması, eyni zamanda birgə elmi konfrasların təşkili kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, əsası 1911-ci ildə qoyulan Tsinghua Universiteti QS dünya ünuversitetləri reytinqində 20-ci pillədə, Çin üzrə isə ikinci sırada yer alır. Əsası 1937-ci ildə qoyulan Renmin Universiteti isə QS dünya universitetləri reytinqində 621-630-cu sırada qərarlaşıb.