BDU-da Ümumdünya Su Gününə həsr edilmiş ustad dərsi
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi Məmməd Əsədovun 22 mart - Ümumdünya Su Gününə həsr olunmuş ustad dərsi keçirilib.
Dərsdə iştirak edənlərə su ehtiyatlarının qorunması, xüsusilə buzlaqların vəziyyəti və bu sahədəki aktual məsələlər barədə ətraflı məlumat verilib. Məmməd Əsədov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərara əsasən, hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur. 2025-ci ilin mövzusu isə “Buzlaqların qorunması” olacaq. Azərbaycanda buzlaqlar əsasən Böyük Qafqazın zirvələrində cəmləşib, onların sahəsi çox kiçikdir.
Dərsdə vurğulanıb ki, Azərbaycanda su ehtiyatlarının 70%-i transsərhəd çayların axar suları ilə formalaşır və bu çaylar su anbarlarına çox miqdarda çirkab sular gətirir. Dünya Su Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, Azərbaycan su ehtiyatları ən az olan ölkələrdən biridir. Orta hesabla hər bir vətəndaşa ildə 972 m³ şirin su düşür.
Məruzəçi ölkə rəhbərliyinin su problemlərinin həlli üçün həyata keçirdiyi bir sıra mühüm addımları da diqqətə çatdırıb. Bu tədbirlər arasında yeni su anbarları və su kanallarının inşası, o cümlədən Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi yer alır.
Dərsdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.