BDU-da müstəqillik illərində Azərbaycanda kitabxana-informasiya fəaliyyəti müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının magistrantı Fənarə Quliyeva “Müstəqillik illərində Azərbaycanda kitabxana-informasiya fəaliyyəti” mövzusunda məruzə edib. Gənc tədqiqatçı vurğulayıb ki, ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummillli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə kitabxana işinə yüksək qiymət verib, sahənin inkişafı üçün mühüm addımlar atıb. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, bu istiqamətdə mühüm dövlət proqramları qəbul edilir, layihələr həyata keçirilir”.
Məruzədə qeyd edilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası kitabxana-informasiya fəaliyyəti sahəsində mühüm islahatların başlanğıcı olub. Bu dövrdə milli kitabxana sistemi yenidən formalaşdırılıb, bu fəaliyyət sahəsi beynəlxalq standartlara uyğunlaşdırılıb: “Kitabxana fəaliyyətinin hüquqi-normativ bazasının təkmilləşdirilməsi, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kitabxana fondlarının rəqəmsallaşdırılması, elektron kataloq sistemlərinin yaradılması kimi məsələlər diqqət mərkəzində olub”.
Tədqiqatda elmi-tədqiqat işlərinin inkişafında açıq elmi resurslardan istifadənin əhəmiyyəti, milli və beynəlxalq elektron kitabxana sistemlərinə inteqrasiya, rəqəmsal arxivlərin yaradılması kimi mühüm istiqamətlər öyrənilib, müasir kitabxana idarəçiliyi, elektron informasiya mübadiləsi, elmi kommunikasiyanın genişləndirilməsi, eyni zamanda kitabxanaların təhsil prosesindəki rolu kimi mövzular şərh olunub. Qeyd olunub ki, müstəqillik illərində kitabxana-informasiya fəaliyyətində yeni yanaşmalar formalaşıb, kitabxana işinin inkişafında beynəlxalq əməkdaşlıq genişlənib, açıq elmi platformaların istifadəsi artıb. Bütün bunlar elmi fəaliyyətin təşviqi, akademik mühitin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Elmi seminar müzakirələrlə davam edib.