BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Milli Məclisin üzvü Mübariz Qurbanlı olub
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı YAP-ın İdarə Heyətinin və Milli Məclisin üzvü Mübariz Qurbanlı olub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.
Daha sonra məruzə ilə çıxış edən YAP-in İdarə Heyətinin, Milli Məclisin üzvü Mübariz Qurbanlı bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.
Daha sonra qonaq gənclərin suallarını cavablandırıb.