BDU-da elmi seminar: “Akademik Arif Paşayevin elmi irsinin bibliometrik təhlili”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Samirə Həsənova “Akademik Arif Paşayevin elmi irsinin bibliometrik təhlili” mövzusunda məruzə edib. Gənc tədqiqatçı görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin elmi-pedaqoji fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, akademikin elmin və təhsilin inkişafındakı mühüm xidmətlərindən bəhs edib, alimin ölkəmizi fizika, texnika elmləri, aerokosmik tədqiqatlar üzrə beynəlxalq elmi ictimaiyyətdə yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.
Magistrant hazırda elmmetriya, elmmetrik təhlil kimi istiqamətlərin aktual olduğunu bildirib, görkəmli alimlərin elmi irsinin bibliometrik təhlilinin vacibliyni diqqətə çatdırıb. Məruzədə Əməkdar elm xadimi, akademik Arif Paşayevin elmi irsinin əsas istiqamətləri bibliometrik təhlilə cəlb olunub, görkəmli alimin əsərlərinin, eləcə də haqqında çap olunmuş elmi-tədqiqat əsərlərinin inkişaf qanunauyğunluqlarından bəhs edilib.
Araşdırmada akademik Arif Paşayevin tədqiqatlarındakı mühüm istiqamətlər, elmi yeniliklər, alınmış nəticələr şərh olunub, görkəmli alimin tədqiqatlarının tətbiqi xarakterli olduğu diqqətə çatdırılıb, əldə etdiyi elmi nəticələrin ixtira səviyyəsində işlənib bir sıra sənaye müəssisələrində tətbiq edildiyi xüsusi vurğulanıb.
Məruzəçi akademikin nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilmiş jurnallarda əksini tapmış məqalələrinin dinamikasını xronoloji inkişafda təqdim edib, alimin Hirş indeksi, istinad göstəriciləri, ən çox istinad edilmiş məqalələri, müəlliflik şəhadətnamələri, patentləri barədə ətraflı məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb.
Elmi seminar müzakirələrlə davam edib.