BDU Türkiyədə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə təmsil olunub
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları və tələbələri Türkiyənin Çankırı Karatekin, Bartın və Kastamonu Universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi “Kitabxana həftəsi”nə həsr olunmuş paneldə iştirak ediblər. Tədbirin moderatoru, Çankırı Karatekin Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri professor Çoşkun Polat bildirib ki, 1964-cü ildən başlayaraq Türkiyədə “Kitabxana həftəsi”nin keçirilməsində məqsəd kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə diqqəti artırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək, fikirləri bölüşmək, sahənin inkişafı üçün daha yaxşı nəticələrə nail olmaqdır. Professor Çoşkun Polat qeyd edib ki, ənənəvi “Kitabxana həftəsi” günlərində kitabxanalara, sərgi salonlarına, muzeylərə ekskursiyalar təşkil edilir, nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr dinlənilir.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Zahidə Rzayeva paneldə “Azərbaycanda kitabxana-informasiya infrastrukturu müasir mərhələdə” mövzusunda məruzə edib. Məruzədə ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətindən, kitabxana-informasiya fəaliyyətinin təşkilinin mühüm istiqamətlərindən, işğaldan azad edilmiş ərazilərimizdə kitabxana quruculuğu sahəsində həyata keçiriləcək layihələrdən bəhs edilib. Mühazirədə həmçinin ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda İnformasiya və sənəd menecmenti fakültəsi barədə geniş məlumat verilib.
Tədbirdə çıxış edən Çankırı Karatekin Universitetinin prorektoru, professor Hüseyin Odabaş, Kastamonu Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri, professor Hasan Keseroğlu, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri, dosent Ahmet Altay son illər BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə Türkiyənin kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetləri arasında əlaqələrin inkişaf etdiyini, birgə ustad dərslərinin, mühazirələrin, beynəlxalq elmi konfransların keçirildiyini vurğulayıblar, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar.