BDU Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universiteti ilə anlaşma memorandumu imzalayıb
Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universitetinin rektoru Azizxon Nodirov, rektorun gənclər məsələləri üzrə müşaviri Hasan Şaripov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zarifjon Hatamov və Malayziyanın Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universitetinin Keyfiyyət idarəetməsi üzrə direktoru, baş auditor, reytinq və peşəkar texnologiya mütəxəssisi Nur Zahdi Aldindən ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın ən nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur.
Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universitetinin rektoru Azizxon Nodirov rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Universitetlər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə akademik əməkdaşlığın gücləndirilməsi üçün birgə tədris proqramlarının qurulması, tələbə mübadiləsi, beynəlxalq reytinqlər sahəsində əməkdaşlıq, yay və qış məktəblərinin təşkili kimi məsələlər müzakirə edilib.
Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.