BDU-da “Pestisidlərin ətraf mühitə və canlı sisitemlərə təsiri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində "Pestisidlərin ətraf mühitə və canlı sisitemlərə təsiri" mövzusunda elmi seminar keçirilib.
Seminarda Zoologiya və fiziologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova mövzu üzrə təqdimat edib. O, pestisidlərin ekosistemə və canlı aləmə təsiri, torpaq və su ehtiyatlarına yaratdığı təhlükələr, həmçinin alternativ ekoloji metodlar barədə ətraflı məlumat verib. Bildirib ki, pestisidlər fiziki, kimyəvi və səciyyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən zəhərli maddələrdir. Pestisidlər zərərvericilərlə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq məqsədilə geniş istifadə olunur. Lakin həmin pestisidlər ətraf mühitdə uzunmüddətli qalma effektinə sahibdirlər. Pestisidlər insan orqanizminə pestisid tozu və buxarları ilə nəfəs alan zaman, yemək və su istehlak edərkən, birbaşa təmas yolu, dəri vasitəsilə keçə bilər. Pestisidlər xüsusən meyvə və tərəvəzlərin üzərinə püskürdüldükdə torpaq və qrunt sularına keçə bilər ki, bu, içməli suyun da çirklənməsinə səbəb olur.
Seminar iştirakçıları pestisidlərin bioloji müxtəlifliyə və insan sağlamlığına mümkün riskləri barədə elmi yanaşmalarla tanış olub və mövzu ilə bağlı müzakirə aparıblar.