BDU-da Respublika elmi-praktik konfrans: “Geologiya-coğrafiya - 80: nailiyyətlər və innovativ inkişaf istiqamətləri”
Bakı Dövlət Universitetinin (BDU) Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 1944-cü ildə yaradılmış Geologiya-coğrafiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş “Geologiya-coğrafiya - 80: nailiyyətlər və innovativ inkişaf istiqamətləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov 1944-cü ildə Geologiya və paleontologiya, Kristalloqrafiya, mineralogiya və petroqrafiya və Coğrafiya kafedralarının bazası əsasında yaradılan Geologiya-coğrafiya fakültəsinin müstəqil qurum kimi 1991-ci ildən iki struktura - Geologiya və Coğrafiya fakültələrinə ayrıldığını deyib. Bildirib ki, Geologiya fakültəsinin aparıcı, görkəmli alimlərinin səyi nəticəsində geologiya təhsili ölkənin ali təhsil sisteminin ən əsas bölmələrindən birinə çevrilib, minlərlə yüksək ixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, neftçi-qeoloq, dağ-mədən mühəndisi və geokimyaçı yatişdirilib. Hazırda fakültədə fundamental təhsil verilir və dünya səviyyəli elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji, kadr potensialına malikdir. Geologiya fakültəsi BDU-nun inkişaf strategiyasına uyğun olaraq öz yaxın, orta və uzaq perspektivdəki hədəflərini müəyyənləşdirib və bu istiqamətdə uğurla addımlayır.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov qeyd edib ki, istər Geologiya-coğrafiya fakültəsi kimi, istərsə də 1991-ci ildən etibarən müstəqil fəaliyyət göstərən fakültə kimi Azərbaycanın ali və ümumtəhsil məktəblərində coğrafiya müəllimlərinə artan tələbatın ödənilməsində və yüksəkixtisaslı kadr hazırlığında Coğrafiya fakültəsinin xidmətləri böyükdür. Hazırda Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Azərbaycan coğrafiyasi və coğrafiyanın tədrisi metodikasi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm, Geodeziya və kartoqrafiya, Hidrometeorologiya kafedraları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində üç dildə (Azərbaycan, rus, ingilis) tədris həyata keçirilir. Bakalavriat səviyyəsində “Coğrafiya müəllimliyi”, “Coğrafiya”, “Geomatika və geodeziya mühəndisliyi”, “Hidrometeorologiya”, “Turizm işinin təşkili”, “Davamlı inkişafın idarə edilməsi” ixtisaslarında 1500-dən çox, magistraturada isə 20 ixtisaslaşma üzrə 130-dək tələbə təhsil alır. Fəlsəfə və elmlər doktorluğu proqramları üzrə 20 doktorant elmi-tədqiqat işləri üzərində çalışır.
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun baş direktoru, professor Zakir Eminov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı, Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov bu fakültələrdə yetişən peşəkar kadrların azad edilmiş ərazilərin yenidən dirçəlməsində önəmli rola sahib olduqlarını deyiblər.
Respublika elmi-praktik konfransı bölmə iclasları ilə davam edib.