BDU-da görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatı
Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirilib. Kitab şərqşünas alim, türkoloq Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.
Əvvəlcə BDU TV-nin görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarxı nümayiş olunub.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqlar arasında münasibətlərin formalaşmasında və davamlı inkişafında ədəbi-mədəni əlaqələrin olduqca mühüm əhəmiyyəti var. Multikultural dəyərləri özünün yaşam fəlsəfəsinə, həyat tərzinə çevirmiş xalqımız hər zaman digər xalqların ədəbi-mədəni irsinə hörmətlə yanaşıb. Bu baxımdan Azərbaycan-alman ədəbi-mədəni əlaqələri keçdiyi tarixi yolun xronologiyasına və əhatə dairəsinə görə yüksək qiymətləndirilməlidir. Azərbaycan-alman ədəbi əlaqələrinin inkişafına mühüm töhfələrdən biri görkəmli yazıçı və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin fundamental elmi əsəri olan "Füzuli sənətkarlığı" kitabının alman dilinə tərcümə edilərək nəşr olunmasıdır: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm xidmətlər göstərib, hekayələri, romanları, sanballı elmi əsərləri, bu gün də alimlərin, tələbələrin stolüstü kitabı olan “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi ilə ədəbiyyat, elm, təhsil tariximizə özünün parlaq imzasını atıb. Füzuli irsinin mahir araşdırmaçısı Mir Cəlal Paşayevin gərgin zəhmətinin, orijinal düşüncə tərzinin, dərin erudisiyasının məhsulu olan “Füzuli sənətkarlığı" əsəri ədəbiyyatşünaslıq elmimizdə xüsusi mövqeyə malikdir. Bu əsər Füzulinin poetikası barədə mükəmməl elmi-tədqiqat işi, füzulişünaslıqda yeni bir mərhələ hesab olunur. İlk dəfə 1958-ci ildə işıq üzü görmüş əsər çap olunduğu gündən elmi ictimaiyyətin, nüfuzlu ədəbiyyatşünas alimlərin diqqətini cəlb edib, zaman keçdikcə Füzuli yaradıcılığını, ümumilikdə poetikanı tədqiq edən alimlər üçün əsas mənbəyə çevrilib. Bu mənada Mir Cəlal müəllimin “Füzuli sənətkarlığı” əsərinin xalqımızın dostu, təəssübkeşi, görkəmli alman alimi, türkoloq Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib, Avropa məkanında yayılması, təbliği olduqca önəmlidir. Bu tərcümə klassik irsimizin, ədəbiyyatsünaslığımızın Avropa elmi mühitində tanıdılmasında mühüm rol oynayacaq. Mir Cəlal müəllimin “Füzuli sənətkarlığı” kitabı və eləcə də digər əsərləri yalnız alman dilinə deyil, digər Avropa və şərq dillərinə də tərcümə olunmalı, yayılmalıdır”.
ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal Paşayevin Füzuli yaradıcılığı haqqında fundamental əsərini yüksək səviyyədə tərcümə etdiyinə görə Mixael Raynhard Hessə təşəkkür edib. O bildirib ki, bununla Mir Cəlalın məşhur əsərinə yeni həyat verilib. “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcümə olunması həm Füzuli yaradıcılığının, həm də Mir Cəlalın elmi irsinin bütün dünyada yayılmasına və məşhurlaşmasına səbəb olacaq.
Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev diqqətə çatdırıb ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi haqqında doktorluq dissertasiyası müdafiə etmiş Mixael Raynhard Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır. Otuz ildən bəri türkdilli xalqların dil və ədəbiyyatını tədqiq edən alim türk, Azərbaycan, fars və ərəb dillərinə dərindən bələd olması sayəsində Mir Cəlalın Füzuli yaradıcılığına dair əsərini tərcümə edərkən bütün dil xüsusiyyətlərini və incəliklərini alman dilinə məharətlə çevirə bilib.
Şərqşünas alim, türkoloq Mixael Raynhard Hess “Qərbdə türkologiya: Nəsimi və Füzuli irsinin araşdırılması” mövzusunda məruzə edib, Füzuli yaradıcılığının tərcümə xüsusiyyətlərindən danışıb. Bildirib ki, Mir Cəlal bu əsəri yazmaqla Füzuli irsinin araşdırılmasında fundamental tədqiqat işi ortaya qoyub, eyni zamanda, ötən əsrin 30-40-cı illərində Azərbaycan mədəni irsinin qorunmasına böyük töhfə verib. Kitabın alman dilinə tərcümə olunması sayəsində füzulişünaslığa maraq göstərənlər Füzuli irsi ilə tanış olmaqla yanaşı, onun qəzəl, qəsidə və digər əsərlərinin alman dilinə bədii tərcüməsini oxumaq imkanı əldə ediblər.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Milli Məclisin üzvü, Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının baş müəllimi Mətanət Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu çıxışlarında Mir Cəlalın bir alim, yazıçı, pedaqoq kimi Azərbaycan elminin, ədəbiyyatının inkişafı naminə gördüyü işlərdən danışıb, təqdimatı keçirilən kitabın Azərbaycan-alman ədəbi-mədəni əlaqələrinin inkişafına verəcəyi mühüm töhfələrdən bəhs ediblər.
Sonra Mixael Raynhard Hess tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbirin sonunda BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin tələbələrinin ifasında Füzulinin qəzəlləri səsləndirilib.