BDU-da elmi seminar: "Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti"
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart - Azərbaycan Respublikasinda “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib.
Mənbəşünaslıq, tarixşünasliq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, tarixi hadisələrə dəqiq elmlərin elmi metodologiyası baxımından yanaşılması zəruridir. “Elmlərin şahı” adlandırılan riyaziyyatın digər elmlərin öyrənilməsində böyük rolu var. Müasir tarix elmində riyaziyyat mürəkkəb problemlərin çoxunu həll etmək üçün ən optimal vasitələrdən biridir. Hərtərəfli riyazi təfəkkür tərzi nəinki mürəkkəb hesablamalar aparmaqda, həm də sosial-iqtisadi və siyasi-ictimai problemlərə çevik və rasional yanaşmada misilsiz rol oynayır. Tarix elminin demək olar ki, bütün sahələrində, ən müxtəlif mövzuların, ayrı-ayrı tarixi obyektlərin tədqiqi zamanı riyazi metodlardan istifadə olunur. İstər tarix fənninin tədris prosesi, istərsə də ictimai və humanitar elmlərə dair tədqiqatlar zamanı riyazi metodları tətbiq etmək bacarığına yiyələnmək müasir dövrün tələblərindən irəli gəlir. Humanitar elmlərdə rəqəmlər informasiya daşıyıcısı kimi çıxış edir, bu zaman ənənəvi kəmiyyət metodlarından istifadə olunur. Beləliklə, tarixi məlumatların riyaziləşdirilməsi həmin kəmiyyət göstəricilərinin ictimai proseslərə, cəmiyyət həyatına hansı formada, necə təsir etdiyini araşdırmaq kimi geniş miqyaslı fenomen kimi dəyərləndirilməlidir.