V Azərbaycan Astronomiya Olimpiadasının Respublika seçim turunun nəticələri açıqlanıb
Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının Respublika turu keçirilib. Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib.
Təşkilat komitəsinin qərarına əsasən, toplam 100 baldan 75 bal və yuxarısını toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın finalında iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyi məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.
V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Onu da əlavə edək ki, Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.