Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş görüş keçirilib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir iştirak edib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev fakültənin qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından söz açıb. Bildirib ki, bu, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması və yüksəkixtisaslı kadr kimi yetişməsi baxımından çox faydalıdır. Fakültədə bütün türk dövlətlərinin və xüsusilə Türkiyə təcrübəsinin öyrənildiyi “Türk xalqlarının jurnalistikası” fənni tədris olunur. Əsas məqsəd bir-birinə ortaq ənənələr ilə bağlı olan bu dövlətlərin fəaliyyətinə, mətbuat tarixlərinə nəzər salmaq, müqayisəli təhlil bacarığını formalaşdırmaqdır: “Jurnalistikada ixtisaslaşmanın vacib olduğunu nəzərə alsaq, müxtəlif ölkələrin təcrübələrindən yararlanmaq peşəkarlıq üçün əsas şərtlərdəndir”.
Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva tələbələrə qonaq haqqında məlumat verib. Bildirib ki, iki ölkə arasında olan yüksək əlaqələrin fonunda keçirilən bu cür tədbirlər tələbələrin inkişafına yönəlib. Dekan müavini həmçinin bu ilin may ayında Türkiyənin Üsküdar Universiteti ilə birgə keçiriləcək “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusundakı simpozium haqqında məlumat verib, tədbirin milli mətbuatımızın 150 illik yubileyinə həsr olunduğunu deyib.
Daha sonra “XXI əsr Türkiyə mediası qarşısında çağırışlar və jurnalistika təhsili” mövzusunda çıxış edən Alptekin Cihangir İşbilir bildirib ki, ən müxtəlif situasiyalarda peşə borcunu yerinə yetirən jurnalistlər strateji kommunikasiya bacarığına sahib olmalıdırlar. Bu, ixtisaslaşma sahəsindən asılı olmayaraq peşəkar jurnalistlərin sahib olmalı olduqları əsas xüsusiyyətdir: “Jurnalistikada peşəkar olmaq üçün 4 illik təhsil kifayət etmir. Sizin xüsusi bacarıqlarınız da olmalıdır. Jurnalistin sahəyə görə ixtisaslaşması işin yarısını təşkil edir”.
44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə yaranmış böyük media ordusundan söz açan Cihangir İşbilir belə zamanlarda jurnalistin ekstremal şəraitə hazır olmalı olduğunu, əks halda olduğu ərazi və insanlar üçün də təhlükə yarada biləcəyini deyib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə interaktiv formada davam edib.