BDU-nun ölkə üzrə beynəlxalq bazalarda indekslənən ilk və yeganə tələbə jurnalı ABŞ-nin Kaliforniya Universitetinin Berkeley kitabxanasının fonduna daxil edilib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən nəşr olunan “Baku State University Law Review” jurnalı ABŞ-nin Kaliforniya Universitetinin Berkeley kitabxanasının fonduna daxil edilib:
https://search.library.berkeley.edu/discovery/search?vid=01UCS_BER:UCB&tab=Default_UCLibrarySearch&search_scope=DN
_and_CI&offset=0&query=any,contains,Baku%20State%20University%20Law%20Review
400-dən çox dildə 14 milyondan çox kitab, jurnal və s. fonduna malik olan Berkeley kitabxana sistemi 49,000 m2 ərazini əhatə edir və dünyanın ən böyük kitabxana komplekslərindən biri hesab olunur.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq nəşr olunan jurnal 2019-cu ildən etibarən “Scopus” bazasında idekslənir. “Baku State University Law Review” jurnalı ölkə üzrə “Scopus” bazasında indekslənən ilk və yeganə tələbə jurnalıdır. Hüquqi yazı və hüquqi düşünmə bacarıqlarını inkişaf etdirmək üçün tələbələri akademik tədqiqat aparmağa həvəsləndirmək və bunu ədalətli rəqabətə çevirmək jurnalın əsas məqsədlərindəndir.
“Baku State University Law Review” jurnalında BDU-nun, eləcə də ölkəmizin və dünyanın müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin hüquq elminin müxtəlif istiqamətləri üzrə elmi əsərləri dərc olunur. Jurnala məqalələrin göndərilməsi üçün onlayn məqalə göndərmə sistemi mövcuddur və bütün məqalələrə açıq giriş təşkil edilib.
Tələbələrimizi və bütün BDU ailəsini təbrik edir və yeni uğurlar arzulayırıq.