BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin “Karyera yolu” layihəsinin infosessiyaları başlayıb
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi tərəfindən təşkil edilən “Karyera yolu” layihəsi çərçivəsində infosessiyalara start verilib. Layihə Ekologiya və torpaqşünaslıq, Filologiya, Coğrafiya, Tarix, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq fakültələrinin I və III kurs tələbələri üçün nəzərdə tutulub.
Tədbirin açılışında Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mərkəzin əsas məqsədi tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarına uğurla daxil olmalarını təmin etməkdir. Bu məqsədlə tələbələr müxtəlif şirkətlərin təcrübə proqramları və iş imkanları ilə tanış ediləcək.
“Karyera yolu” layihəsinin mahiyyəti və əsas istiqamətləri tədbir iştirakçılarına izah edilib. Layihə çərçivəsində 5 moduldan ibarət təlimlər təşkil ediləcək. Hər bir modul bir-biri ilə əlaqəlidir. İştirakçılara fərdi yanaşma, mentorluq xidməti, praktiki tapşırıqlar, SMART prinsipləri ilə karyera planlaşdırma üzrə biliklər təqdim olunacaq.
Layihə tələbələrə öz güclü və zəif tərəflərini müəyyənləşdirmək, perspektivli peşələr haqqında məlumat əldə etmək, əmək bazarını təhlil etmək, müxtəlif iş axtarışı alətləri və strategiyaları ilə tanış olmaq, peşəkar CV və rezüme tərtib etməyi öyrənmək imkanı verəcək. Layihə iştirakçıları müsahibə yolu ilə seçiləcək. Layihənin sonunda tələbələr iş dünyasına atılmaq üçün zəruri bilik və bacarıqlara sahib olacaqlar.