BDU-nun kafedra müdiri Vyanada beynəlxalq konfransda vergi hüququna dair çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva Avstriyanın paytaxtı Vyanada keçirilən "Dünya ölkələri üzrə transfer qiymətləndirilməsinin inkişafı" adlı beynəlxalq konfransda iştirak edib.
Konfrans Vyana İqtisadiyyat və Biznes Universitetinin nəzdindəki Beynəlxalq Vergi Hüququ İnstitutu tərəfindən təşkil edilib.
Tədbirə dünyanın 45 ölkəsindən 200-ə yaxın nümayəndə qatılıb. Onlar arasında nüfuzlu universitetlərin vergi hüququ üzrə alimləri, tədqiqatçı-professorları, müxtəlif dövlətlərin vergi administrasiyalarının rəhbərləri, BMT-nin və Avropa İttifaqının vergi məsələləri üzrə məsul nümayəndələri, həmçinin transmilli korporasiyaların təmsilçiləri yer alıb.
Konfransda transfer qiymətləndirilməsi sahəsində dünyanın qabaqcıl ölkələrinin və beynəlxalq təşkilatların hesabatları təqdim edilib. Milli qanunvericiliklərdəki boşluqlar, ziddiyyət və yeniliklər müzakirə olunub. Konfransın digər vacib mövzusu isə milli məhkəmələrdə transfer qiymətinin tətbiqi zamanı yaranan problemlərin həlli yolları olub.
Dosent Əsmər Əliyeva konfransda məruzə ilə çıxış edib və təkliflər irəli sürüb. O, həmçinin konfrans iştirakçılarına Hüquq fakültəsinin “Vergi hüququ” magistr ixtisaslaşması barədə məlumat verib. Əsmər Əliyeva BDU magistrantlarının qısamüddətli tələbə mübadiləsi proqramları ilə Vyana İqtisadiyyat və Biznes Universitetində təhsil almalarının faydalarından, eləcə də universitetin müəllim heyətinin Sinqapur Vergi Akademiyasında təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb. Həmçinin, xarici universitetlərin vergi hüququ professorlarının fakültədə qonaq mühazirəçi qismində dəvət edilməsinin əhəmiyyətini vurğulayıb.