BDU nümayəndə heyəti Daşkənddə Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib
Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Özbəkistanın paytaxtı Daşkənddə Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Bundan əvvəl nümayəndə heyəti Daşkənddə Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.
Mərkəzin əməkdaşları qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildirilib ki, Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir. Özbəkistanla Azərbaycanın mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolu var. BDU nümayəndə heyəti Mədəniyyət Mərkəzindəki muzeylər, kitabxana və dərnəklərin fəaliyyəti ilə tanış olub.
Daha sonra nümayəndə heyəti BDU-nun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr etdiyi “Heydər Əliyev -100: Biblioqrafik məlumat kitabı”nın bir nüsxəsini Mərkəzə hədiyyə edib.