BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi" davam edir. Həftənin üçüncü günü "Keyfiyyətli təhsil” məqsədi çərçivəsində BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüş keçirilib. Görüşün məqsədi şagirdlərə keyfiyyətli təhsilin əhəmiyyəti, imkanları və bu sahədəki çağırışlar barədə məlumat verməkdir.
BDU THİK-in sədri Zöhrab Cavadzadə ölkəmizdə aparılan təhsil siyasətindən söz açıb, insan kapitalının artırılmasının qanunvericilikdə, strategiya və proqramlarda prioritet məsələ kimi nəzərdə tutulduğunu bildirib.
BDU-nun Tədrisin təşkili və idarə olunması Mərkəzinin Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı təhsilin əhəmiyyəti və cəmiyyətin inkişafındakı rolundan söz açıb. Həmçinin "Keyfiyyətli təhsil” məqsədində öz əksini tapan gender bərabərliyi və bunun bütün növ təhsil müəssisələrində düzgün icrasının vacibliyini vurğulayıb. Daha sonra şagirdləri ölkədə ali təhsil sisteminin əsasını qoyan və ənənələri ilə məktəb yaradan BDU-nun tədris və elmi fəaliyyəti ilə tanış edib.
Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova isə interaktiv formada apardığı təqdimatında qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, keyfiyyətli təhsilin sağlam vətəndaş amilində əsas rola sahib olduğunu deyib. Hazırda Fondun müxtəlif proqram və layihələr ilə təhsilin bütün pillələri üzrə inkişafı təmin etdiyini bildirib.
Görüşdə qonaqlar düzgün ixtisas seçiminin gələcək həyatın planlanması yolunda atılan əsas addım olduğunu qeyd edib və bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, məsləhətlər verilib.