“Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz kimi daim qalacaq"
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri" təşkilatının Coğrafiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov qeyd edib ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 32 il keçir. 1992-ci ildə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törədiblər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti ilə bütün dünyaya öz xislətlərini nümayiş etdiriblər. Məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz olaraq daim qalacaq. Bu gün müstəqil və müasir Azərbaycan qazandığı parlaq qələbə və Xocalıda qaldırdığı üçrəngli bayrağımız ilə 32 il əvvəlin qisasını alıb.
“BDU könüllüləri” təşkilatının sədr müavini Nigar Əliyeva, Coğrafiya fakültəsinin I kurs tələbələri Səbinə Şabanova, Minarə Əhmədli və Nailə Həşimzadə Heydər Əliyev Fondunun apardığı “Xocalıya ədalət!” kampaniyasının önəmindən və gənclərin bu prosesdə iştirakından söz açıblar. Bildiriblər ki, Azərbaycan gəncliyinin əsas vəzifəsi tarixdəki acı izləri öyrənərək gələcək nəsillərə çatdırmaqdır.
Daha sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.