Tanınmış türkiyəli professorlar BDU-nun tələbə jurnalistləri üçün təlim keçiblər
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri və jurnalistlər üçün “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlimlər keçirilib.
Elm və Təhsil Nazirliyinin dəstəyi, Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu, fakültənin Azərbaycan, ingilis, rus dili bölmələrinin tələbələri və müəllim heyəti, təhsil jurnalistləri iştirak ediblər.
Təlimçilər Türkiyənin Anadolu Universitetinin professoru, Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsili Araşdırma Mərkəzinin (SODİMER) rəhbəri Levent Eraslan, Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal, Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova olublar.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu belə təlimlərin tələbə jurnalistlərin peşəkar mütəxəssis kimi yetişməsində önəmini vurğulayıb. AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova qeyd edib ki, təlimin əsas məqsədi tələbə jurnalistlərin media savadlılığının artırılmasıdır.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı jurnalistlərin yeni mediaya uyğunlaşmasında müəyyən problemlərin olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, onların psixoloji cəhətdən proseslərə hazır olmaması peşə fəaliyyətlərinə mənfi təsir edir.