Rektor Elçin Babayev “Robotex Azərbaycan”da qalib gələn BDU komandalarının üzvləri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında uğurla çıxış edən BDU komandalarının üzvləri ilə görüşüb.
Rektor komanda üzvlərini festivalda I, II, III yerləri və həvəsləndirici mükafatı qazanmaları münasibətilə təbrik edib, onlara dünyanın ən böyük robototexnika yarışması olan Robotex-in növbəti mərhələsində uğurlar arzulayıb. Rektor diqqətə çatdırıb ki, bu hadisə komanda üzvlərinin gələcək uğurlarının başlanğıcı olmaqla yanaşı, onların liderlik qabiliyyətlərinin möhkəmlənməsinə də təkan verəcək.
Elçin Babayev qalib layihələrin müəlliflik hüququnun qorunması üçün addımların atılacağını bildirib.
Görüşdə iştirak edən “Robotex Türkiyə”nin həmtəsisçisi Orxan Çevik də BDU tələbələrini böyük uğur münasibətilə təbrik edib. O xatırladıb ki, Robotex-in fəaliyyət göstərdiyi 23 il ərzində hansısa ali təhsil müəssisəsi bir dəfəyə belə böyük nailiyyətə ilk dəfə imza atır. Daha sonra Orxan Çevik festivalın növbəti mərhələləri barədə məlumat verib. Qeyd edib ki, festivalın Türkiyə mərhələsində qalib gələn komandalara investisiya təşviqi sənədi veriləcək. Layihələrin istehsalata tətbiq oluna bilməsi üçün texnoparklarda ofislər və maliyyə ayrılacaq, marketinq imkanları dəyərləndiriləcək.
Qeyd edək ki, BDU 2-3 mart tarixlərində keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında möhtəşəm uğura imza atıb. Belə ki, festivalda BDU-nu təmsil edən 7 komandadan 6-sı (“85 Games Studio” və “Brandenburg” komandaları I, “TechTitans” və “Humantek” komandası II, “AITech Group” və “BİLİG” komandaları III yeri) ilk üç yeri tutaraq qalib olub. “QuantumTech” komandası isə Münsiflər heyətinin həvəsləndirici mükafatını qazanaraq növbəti mərhələdə iştirak hüququ əldə edib. Beləliklə, BDU-nun 7 komandasının hər biri Robotex-in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıb.