Milli birlik, barış, bərəkət və bolluq bayramı
Novruz qədim tarixə malik olan bayramlarımızdandır. Novruz nə bir məzhəb, nə də bir dinin bayramıdır. Bu bayram baharın gəlməsi münasibətilə qeyd edilir. Novruz astronomik hadisə ilə bağlı gündür. Həmin gün Şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirirlər. Azərbaycanda gecə ilə gündüzün bərabərləşdiyi gün bayram kimi qeyd edilir.
Bu bayram həm xalq adət-ənənəsini, həm mifoloji dünyagörüşünü, həm də sakral bilikləri özündə cəmləyir. Bəzi tədqiqatçılar ritual-mifoloji kökləri baxımından Novruz bayramının dörd iri mərhələdən keçdiyini söyləyirlər:
1. Mif mərhələsi;
2. Ritual mərhələsi;
3. Mərasim mərhələsi;
4. Bayram mərhələsi.
Lap qədimlərdən astronomik Günəş təqviminə əsasən, Novruz yeni ilin başlanğıcı sayılır. Ömər Xəyyamın "Novruznamə"sində, Səlcuqlu Vəzir Nizam ül-mülkün "Siyasətnamə"sində, Mahmud Kaşğarlının “Divan-i-Lüğət-it-türk”ündə, Nizami Gəncəvinin əsərlərində, Məlik şah təqvimində, Qazi Bürhanəddinin, Səfəvi şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramı haqqında məlumatların yer alması bu bayramın qədim tarixə malik olduğunun sübutudur. Məlik şah Ömər Xəyyama təqvim hazırlaması göstərişini verərkən onun qarşısına qoyduğu şərt ilin başlanğıc gününün məhz yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşməsi idi. Ömər Xəyyamın 1074-cü ildə hazırladığı və Məlik şahın şərəfinə “Məlik şah cədvəli”, “Sultan təqvimi”, “Təqvimi-cəlaliyyə” adlandırdığı təqvimində ilin başlanğıc günü Novruz bayramı ilə üst-üstə düşür.
Novruz bayramı Azərbaycanda olmuş Avropa səyyahlarının xatirələrində də əks olunub. Alman alimi Adam Oleari XVII əsrin birinci yarısında Şamaxıda Novruz bayramında iştirak edib. Adam Olearinin xatirələri Novruz bayramının geniş şəkildə keçirildiyini təsdiq edir. Tədqiqatçının sözlərinə görə, həmin gün astroloq Günəşin gecə ilə gündüzün bərabərləşəcəyi nöqtədən nə zaman keçəcəyini izləyir, həmin an çatanda isə bunu ucadan elan edirdi.
Türk xalqlarının qədim dastanlarından olan "Ergenekon" dastanında da türklərin Ergenekondan çıxdıqları gün məhz 21 marta təsadüf edir. Bu günə Hürmüz günü, yəni Tanrı günü deyilərdi. Həmin günə hazırlaşan insanlar dörd müqəddəs ünsürlə paklanardılar. Həmin adətlərdən bəziləri indiyə qədər öz aktuallığını qoruyur. Məhz buna görə də bu bayramın qədim adlarından da biri Ergenekondur. Bundan başqa, Novruza “Bozqurd”, “Çağan”, “Nevruz”, “Sultan Nevruz”, “Mart Doqquzu”, “Novruz” və s. də deyilib. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz şənliklərinin əsas personajları Kosa və Keçəldir. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır.
Tamaşa zamanı Kosanın "ölüb-dirilməsi" əski inanclardan gəlir. Şaman ritualı zamanı da fiziki hərəkət ilə ruhi hərəkətin çulğalaşmasının şahidi oluruq. Bu oxşarlıq həm də Kosanın geyimində özünü göstərir. Belə ki, Kosanın geyimindəki bəzi əlamətlər - qurşağındakı və boynundakı zınqırovlar, başındakı şiş papaq, əynindəki tərsinə çevrilmiş kürk şaman geyiminin elementlərindəndir.
Mərasim yeməkləri, eləcə də Novruz şirniyyatları xalqın əməli bilikləri, zövqü, təsərrüfat məşğuliyyəti, mifoloji dünyagörüşü ilə əlaqədar yaranıb. Novruz şirniyyatlarında türk kosmoqonik dünyagörüşünün simvolları öz əksini tapıb. Novruzda Ayın rəmzi kimi şəkərbura, badambura, Günəşin rəmzi kimi qoğal, şəkərçörəyi simvolizə olunur. Paxlavanın romb şəklində bişirilməsi də türk kosmoqonik təfəkkürü və sakral bilikləri özündə birləşdirən mifoloji dünyagörüşlə bağlıdır. Paxlavanın romb şəklində verilməsi ulduzun rəmzidir. Lakin şumerlərdə Günəş romb işarəsi ilə verildiyi üçün günəşin simvolu kimi də götürülür. Bundan başqa, romb inkişaf və doğuluşun rəmzi olub, sakral mənasına görə qadın başlanğıcıyla bağlanır. Paxlavanın mərkəzinə qoyulan fındıq, qoz, badam bu oxşarlığı gücləndirir.
Yumurta bayramın əsas komponentidir və masada boyalı şəkildə görünməlidir. Yumurta boyamaq da qədim adətlərdəndir. Yumurtanı həyatın rəmzi kimi götürürlər. Yumurtanın içindəki olan ağ maye yaradılışın başlanğıcı, sarı rəng irqin, yəni fərqli yaradılışın, qabığı isə səma və kosmik tağın simvoludur. Qırmızı rəngə boyanmış yumurtalar torpağın dirilməsini, canlanmasını ehtiva edir. Yumurta döyüşdürülməsi isə iki dünyanın - qışla yazın, soyuqla istinin, xaosla kosmosun mübarizəsini əks etdirir. Bəzi mənbələrdən aydın olur ki, yumurta döyüşdürülməsi zamanı onun çiy olması əsas şərtlərdəndir. Çiy yumurta birbaşa həyatı, diriliyi rəmzləndirir. Yumurta döyüşdürmə oyunlarında onun çiy olması şərtdir. Qalib yumurta yazı təmsil edir. Yaz isə həyat deməkdir. Yumurtanın bişirilməsi onun öldürülməsi və ya qurban verilməsi deməkdir. İnanca görə, bişmiş yumurta onu yeyən insanlara həyat verir. Hazırda isə yumurta döyüşdürülməsi zamanı bişmiş, rəngli yumurtalardan istifadə olunur.
Tonqal üstündən atlanmaq isə qədimdən gələn bir ritualdır. Onu çox zaman Tanrılara qurban vermə ritualı ilə eyniləşdirirlər. Bununla da insanlar tonqal üstündən atlanaraq öz ağırlıqlarını, uğursuzluqlarını odda yandıracaqlarına inanırlar. Tonqal qalama adətini zərdüştlüklə bağlayırlar. Bu fikirlə razılaşmayıb qeyd etmək istəyirəm ki, Lev Nikolayeviç Qumilyovun araşdırmasına görə, od türk düşüncəsində təmizlənmə vasitəsidir. Xalqımız bayram günü tonqaldan atlanarkən arınmağı, təmizlənməyi niyyət edir.
Azərbaycan xalqı milli dəyərlərə və ənənələrə sadiqdir. Azərbaycan dövlətini bu dəyərlər üzərində quran Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirib: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".
Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunda uğurla davam etdirilir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Hazırda Novruz tonqalları bütövləşən, qalib Azərbaycanımızın hər bir qarışında qalanır. Bu, xalqımız üçün böyük qürur və xoşbəxtlikdir. Xalqımıza qələbə də, bayram da çox yaraşır!
Səhər Orucova,
BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor