Mədəniyyət Nazirliyi BDU-da infosessiya təşkil edib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Animatorların inkişaf proqramı” və “Komediya və performans məktəbi” adlı təlimlərin infosessiyaları təşkil olunub.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yaradıcı sənayelər qovşağı" Tədris və İnkubasiya Mərkəzi tərəfindən keçirilən infosessiyanın məqsədi universitet tələbələrinin digər istedadlarının aşkara çıxarılmasına xidmət etməkdir. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.
Mərkəzin bədii rəhbəri Ələkbər Əliyev mədəniyyət sahəsində startap (“CulTech”) oyun texnologiyaları sənayesi (“GameTech”) və musiqi sənayesi üzrə biznes inkubasiya proqramları, milli qrafik dizayn kursları, musiqi sənayesi məktəbi, komediya məktəbi, animatorlar və prodüserlərin akselerasiyası proqramlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Sonra Mərkəz əməkdaşlarının hazırladıqları treylerlər nümayiş olunub.
Mərkəz əməkdaşları infosessiya iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, təlimlərin ən uğurlu iştirakçılarının işlə təmin olunması və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulub.