Küsülüləri barışdıran çərşənbə
Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Torpaq çərşənbəsi adlanan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə", “Çərşənbə-suri” adları ilə də tanınır.
Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanıb: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”. Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz” və s.
Türk mifologiyasına görə, yatmış Torpaq oyanaraq insanları aclıqdan qurtarır. Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zındanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, torpağı oyatmağa çalışırlar.
Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.
Torpaq çərşənbəsində əkinçilər əkin-biçinə başlayır. Torpaq şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay kənarına yollanar və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışır.
Torpaq çərşənbəsinin də özünəməxsus inancları, xüsusiyyətləri var. Torpaq çərşənbəsində insanlar öz qohumlarına qonaq gedir, dünyalarını dəyişmiş yaxınlarının qəbirlərini ziyarət edirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanıblar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhval ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq əlamətidir.
Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” deməsi bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri bol olacaq. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.
Bu çərşənbədə evdən od, neft, kibrit, ağartı qidaları verilməsi düzgün hesab olunmur. Axır çərşənbə öz falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmiş. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları ərik ağacının altında basdırmaq lazımdır.
Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin
Öz adı İlaxırdır.
İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri də oğlanların sevgilərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış.
İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.
İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyinməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.
Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa qoyulur. Çərşənbə, bayram xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı Günəşin, istiliyin, şəkərburanı hilalın - Ayın, paxlavanı isə ulduzun yerdəki rəmzi kimi götürmək olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.
Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin İslamdan öncə “ş”, İslamın qəbulundan sonra “s” hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, İslamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənib.
Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını bildirir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da var. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanar. Səməni ovsununda oğul-qız sahibi olmuş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Övlad sahibi olan başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi.
Başqa bir variantda “A səmənini göyərdən, bu gəlini də göyərt” də söylənilir. Burada axıdılan suyu isə kişi başlanğıcı kimi götürmək olar.
Səməni nəziri adəti də bu günə kimi ötürülüb. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər. Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu, niyyətin qəbul olunduğu anlamına gəlir.
Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər. Səməni halvasına bəzən “suhan halvası” və ya “İsfahan halvası” da deyirlər. Ekoloji cəhətdən təmiz olan bu halva çox faydalıdır.
İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olub, lakin tədricən, zaman keçdikcə müasirləşən həyatın təsiri ilə unudulub, bəziləri isə başqa bir forma alıb.
Səhər Orucova,
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor