BDU və “Veysəloğlu Şirkətlər Qrupu” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və “Veysəloğlu Şirkətlər Qrupu” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və “Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov imzalayıb.
Mərasimdə çıxış edən rektor Elçin Babayev bildirib ki, sənaye müəssisələri və biznes qurumları ilə əlaqələrin genişləndirilməsi, Universitetdə aparılan elmi tədqiqatların istehsalata tətbiqi və alınan nəticələrin kommersiyalaşdırılması BDU-nun əsas fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan “Veysəloğlu Şirkətlər Qrupu” MMC ilə əməkdaşlıq memorandumu hər iki qurumun inkişafına fayda verəcək. Rektor xüsusilə qida təhlükəsizliyi, qida mühəndisliyi, akvakultura kimi sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
“Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov isə bildirib ki, biznes sektoru və universitetlərin əməkdaşlıq çərçivəsində çalışması günün tələblərindən biridir. Güclü universitetlər iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Bu baxımdan ölkənin ən qədim və böyük ali təhsil və elm ocağı olan BDU-nun böyük potensialı var. O, “Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin BDU tələbələrinin yüksəkixtisaslı kadrlar kimi yetişməsinə və təcrübə keçməsinə dəstək verməyə hazır olduğunu deyib, hər iki qurumun müxtəlif sahələrdə birgə layihələr həyata keçirəcəyini bildirib.
Memoranduma əsasən, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə birgə araşdırmalar aparacaq, konfranslar, seminarlar, qısamüddətli kurslar, təlimlər, təcrübəkeçmələr təşkil edəcək, müştərək layihə və proqramlar həyata keçirəcəklər.