BDU və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” adlı tədbir keçirib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda tədbir keçirilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev yeni dünya nizamının formalaşmaqda olduğunu, Azərbaycanın bu sistemdə yer alması istiqamətində müəyyən hədəflərin qarşıya qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizin hər zaman regionda sülhün və sabitliyin təmin edilməsinin tərəfdarı olduğunu bildirən Fərid Şəfiyev deyib ki, sülh üçün ilk növbədə Ermənistanın ərazi iddiaları ilə bağlı fikirləri gündəmdən çıxmalı, ölkəmizə qarşı etdiklərinin müqabilində təzminat məsələsi həll olunmalıdır. O, Azərbaycanın dörd beynəlxalq məhkəmədə bununla bağlı iddia qaldırdığını da vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev bu tipli müzakirələrin faydalı olduğunu qeyd edib. O bildirib ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin potensialından istifadə etməklə platforma yaratmaq, ölkəmizin beynəlxalq münasibətləri, xarici siyasəti, iqtisadiyyatı ilə bağlı çoxsaylı görüşlər və müzakirələr keçirmək olar.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı Azərbaycanın hər zaman konkret və preventiv siyasət yürütdüyünü, bundan sonra da yürüdəcəyini bildirib. O qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistan heç vaxt müstəqil siyasət yürüdə bilməyib.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova da qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsi sülh prosesinin gedişatında bir sıra mühüm amilləri ortaya çıxarıb. Cənubi Qafqazda sülhün təmin olunması üçün nəqliyyat-kommunikasiya xətləri açılmalı, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri formalaşmalıdır.
Sonra BMTM-in şöbə müdiri Cavid Vəliyev və digərləri mövzu ilə bağlı fikirlərini söyləyiblər. Çıxışlardan sonra Cənubi Qafqaz regionundakı vəziyyət, münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.