BDU tələbələrinin iştirakı ilə meşəsalma tədbiri və təlim keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Karbonu bloklayaq” adlı meşəsalma tədbiri və “Ağacların karbon saxlama potensialının ölçülməsi” mövzusunda təlim keçirilib.
Şabran rayonunun meşə fondu ərazisində təşkil edilən tədbirdə Biologiya fakültəsinin Bitki mühafizəsi və Biologiya ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Təlim çərçivəsində Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev, 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşı Xəqani Məmmədov tələbələrə bitkilərin əkilmə qaydaları, terras üsulu ilə aparılan əkinlər və onun əhəmiyyəti haqqında məlumat veriblər. Qeyd edilib ki, quraqlıq şəraitinə uyğunlaşan bitkilərin meşəbərpa tədbirlərində istifadəsi mühüm əhəmiyyət kəsb edir. Tələbələrə ağacların həcminin, biokütlənin və karbonun hesablanması qaydası, karbon anlayışı, ağacların karbon tutma mexanizmi barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələr Biologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Yusif Abiyevin rəhbərliyi altında meşəsalma aksiyasında iştirak ediblər.