BDU tələbələri Təbiət Tarixi Muzeyində
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya ediblər.
Muzeyin ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri öz əksini tapıb. Ekskursiya zamanı tələbələr arxeoloji qazıntılar zamanı aşkarlanan müasir və geoloji keçmişdə yaşamış onurğasız, onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olublar. Tələbələrə muzeyin zoologiya, paleontologiya və geologiya bölmələrində saxlanılan nadir eksponatlar haqqında məlumat verilib.
Muzeydə Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar tələbələrin xüsusi marağına səbəb olub. Biologiya fakültəsinin tələbələri muzeyin Onurğalı heyvanların paleontologiyası, Təkamül biologiyası və Biogenetik analiz (DNT) şöbələrində aparılan elmi-tədqiqat işləri və arxeoloji tapıntılar, elmi dəlillərlə də tanış olublar.