BDU tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər.
Tələbələrlə görüşən baş direktor, akademik Vaqif Fərzəliyev rəhbəri olduğu elmi müəssisədə aparılan tədqiqatlardan söz açıb, institutun fundamental və innovativ elmi nailiyyətlərə imza atdığını söyləyib. Qeyd edib ki, institutun laboratoriyalarında tələbələrin müvafiq biliklərə yiyələnməsi üçün hər cür imkan yaradılıb. Tələbələr cihaz və avadanlıqların iş prinsipi, aparılan tədqiqatların mahiyyət və məzmunu ilə yaxından tanış olacaqlar, tədqiqat proseslərinə qoşula biləcəklər.
Görüşdə çıxış edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov universitetin Kimya fakültəsinin Aşqarlar Kimyası İnstitutu ilə əməkdaşlıq səviyyəsinin çox yüksək olduğunu vurğulayıb.
İnstitutun icraçı direktoru, professor Əfsun Sucayev təcrübə dövründə tələbələrin onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacağını və nəzəri biliklərini real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklərini bildirib. Qeyd edib ki, bu il də ənənəyə uyğun olaraq, tələbələrin elmə və təcrübə keçməyə marağının artırılmasından ötrü onların içərisində öz bilik-bacarıq və davranışı ilə seçilən üç nəfərə sonda diplom veriləcək.
Sonra tələbələr qruplara ayrılaraq ayrı-ayrı laboratoriyalara təhkim olunublar.