BDU rəhbərliyi və tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi və tələbələrinin bir qrupu 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Əvvəlcə BDU-nun əməkdaş və tələbələri kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.
Sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olublar. Kompleksin mütəxəssisləri 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, memorial Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə yaradılıb. Kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.