BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 9 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.
Fakültədə Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 3 ixtisas – “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Kompüter elmləri” ixtisası üzrə məzunlar İT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. kimi işləyə bilərlər.
“İnformatika müəllimliyi” ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.
“İnformasiya təhlükəsizliyi” ixtisası əmək bazarında ən çox tələbat olan ixtisaslardandır. Bu ixtisası bitirən məzunlar informasiya təhlükəsizliyi üzrə qurumlarda müxtəlif vəzifələrdə (verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, İT layihəsinin meneceri və s.) işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.