BDU-nun nəzdində “Gənc istedadlar” liseyində 20 Yanvar şəhidləri anılıb
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 20 Yanvar hadisələrinin 34-cü ildönümü qeyd edilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru Arif Bağırov qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunan 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlıq səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.
Liseyin hərbi rəhbəri, Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev 20 Yanvar faciəsinin səbəbləri barədə söz açıb, onun Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib.
Sonra tədbir bədii hissə ilə davam edib.