BDU-nun müəllimləri prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarına təlim keçib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün “Məişət zorakılığına qarşı mübarizə: qanunvericilik və onun tətbiqi təcrübəsi” mövzusunda təlim keçirilib.
Təlimdə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi Emiliya İgidova “Məişət zorakılığının qurbanı olmuş azyaşlılarla davranışın psixoloji aspektləri” mövzusunda çıxış edib. İlkin olaraq məişət zorakılığı və onun növləri haqqında məlumat verilib. Məruzəçi zorakılığı doğuran səbəblər, onun uşaq davranışında təzahür formaları, məişət zorakılığının qurbanı olmuş azyaşlı uşaqlarla davranış qaydaları, valideyn və pedaqoqlara verilən tövsiyələr barədə danışıb. Təlim iştirakçılarına məişət zorakılığına məruz qalmış uşaqların diaqnostikasında istifadə edilə biləcək ənənəvi və müasir tədqiqat metodları, zorakılıq əlamətlərini aşkara çıxara biləcək verbal və qeyri-verbal proyektiv testlər izah olunub.
Daha sonra Psixologiya kafedrasının baş müəllimi Kamilə Kazımova “Məişət zorakılığı qurbanlarının psixoloji reabilitasiya və psixoloji korreksiyasının xüsusiyyətləri” mövzusunda çıxış edib. Məruzəçi ailə-məişət zorakılığının təsnifatı haqqında informasiya verib, məişət zorakılığı qurbanı olan insanların psixoloji reabilitasiyası və psixoloji korreksiyası ilə bağlı işlərə diqqət çəkib. O, müxtəlif korreksiya metodlarından danışıb, fərdi, qrup korreksiyası ilə bağlı geniş məlumat verib.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.