BDU-nun Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasında tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin (BDU )Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Şəhər və kəndlərdə olan ev heyvanlarının və insanın bağırsaq mikrobiotasının mübadiləsi” (“Gut microbiota exchenge in domestic animals and rural-urban aix”) adlı icmal məqalə “Web of Sience” bazasında indekslənən (IF: 2.8) “Current Pharmaceutical Biotechnology” jurnalında dərc olunub: https://pubmed.ncbi.nlm.nih.gov/37877143/
Kliniki mikrobiologiyada bağırsaq mikrobiotasına və mikrobiomuna xüsusi diqqət verilir. Bağırsaq mikrobiotasında daha vacib olan yoğun bağırsaq mikrobiotasıdır. Yoğun bağırsağı zəbt edən mikrobiota (mikroblar) müxtəlif funksiyalar daşıyır, ilk növbədə patogenlərə qarşı davamlılıq verir, bağırsaq epitelisini qoruyur, qida qalıqlarını metabolizmə uğradır, immun sistemini gücləndirir. Son tədqiqatlar göstərir ki, bağırsaq mikrobiotası orqanizmdə piyin əmələ gəlməsinin qarşısını alır.
Bu icmal məqalədə müxtəlif kənd və şəhərlərdə olan ev heyvanlarının (it, pişik, inək, qoyun, at, toyuq) və insanın bağırsaq mikrobiotasının öyrənilməsinə həsr olunmuş elmi işlərin analizi aparılıb. Göstərilib ki, heyvan və insanların bağırsağında yaşayan mikrob populyasiyaları çox fərqlidir. Şəhər və kəndlərdə yaşayan insanların bağırsaq mikrobiotasına ətraf mühit, qidalanma, heyvanlarla təmas kimi amillər əhəmiyyətli dərəcədə təsir göstərir.