BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Bu cinayət Ermənistanın məqsədli və düşünülmüş şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Dekan müavini qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində və 19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı alınıb, Azərbaycan öz suverenliyini bərpa edib.
Yüksək molekullu birləşmələr kimyası kafedrasının dosenti Elgün Abdullayeva çıxışı zamanı Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildirib. O qeyd edib ki, Xocalı soyqırımının daha geniş miqyasda tanıdılması hər bir azərbaycanlının müqəddəs borcudur.
Fakültənin I kurs tələbəsi Elmir Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə bildirilib ki, Xocalı soyqırımı zamanı 613 vətəndaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb.
Fakültənin tələbələri Nəsibə Məmmədova, Nəzrin Ağazadə və Alim Məmmədov vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Daha sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltmasını əks etdirən videoçarx nümayiş etdirilib.