BDU-nun kafedra müdiri Dünya Sosial İş Gününə həsr olunan görüşdə çıxış edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Ekoloji problemlərin sosial işə təsiri” mövzusunda onlayn görüş keçirilib. Dünya Sosial İş Gününə həsr olunan görüşdə Agentliyin nümayəndələri, ali təhsil ocaqlarının və kolleclərin rəhbər şəxsləri, müəllim heyəti, eləcə də sosial işçilər iştirak ediblər.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov “Keyfiyyətli sosial xidmət təminatı: təhsildən təcrübəyə” mövzusunda çıxış edib. Bildirib ki, Prezident İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir.
Bildirilib ki, belə mühüm tədbirlər həssas əhali qruplarından olan vətəndaşlarımızla bağlı həyata keçirilən sosial layihələrdə də özünü göstərir, cəmiyyətin davamlı, əhatəli sosial xidmətlərlə təminatına dəstək xarakteri daşıyır. Sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində yüksək səviyyədə işlər görülür. Sosial Xidmətlər Agentliyi tərəfindən də fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar müvafiq xidmətlərlə təmin edilir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri Üzeyir Şəfiyev və digər iştirakçılar mövzu ətrafında çıxışlar ediblər.
“Qlobal iqlim dəyişikliyi və gənclərin iştirakı”, “İqlim dəyişiklikləri sosial problem kimi”, “İqlim dəyişikliklərinin insan psixologiyasına təsirləri”, “İqlim dəyişikliyi, ona səbəb olan amillər və adaptasiya metodları” və digər mühüm mövzularda məruzələr dinlənilib.
Müzakirələrdə günümüzün ekoloji reallıqları, bunun sosial işə təsiri, həmçinin yeni yanaşmalar və adaptasiya metodlarından danışılıb.