BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun “Azərbaycanın bitki örtüyü” kitabının təqdimatı olub
Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Elşad Qurbanovun “Azərbaycanın bitki örtüyü” kitabının təqdimat mərasimi olub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş kitabın qlobal çağırışlara cavab verən əsər kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, kitabın elmi məziyyətlərindən danışıb, nəşrdə Azərbaycanın bitki örtüyü ilə bağlı tədqiqatların ümumiləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsərdə Azərbaycanın bütün botaniki-coğrafi rayonları üzrə respublikamızda rast gəlinən bitkilik tiplərinin taksonları, onların yayıldığı ərazilər və müasir vəziyyəti haqqında məlumatlar əks olunub. İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Elşad Qurbanovun istinad etdiyi və öyrəndiyi materiallar əsasında “Azərbaycanın bitki örtüyü” xəritəsini də tərtib etdiyini söyləyib.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova “Azərbaycanın bitki örtüyü” kitabının ərsəyə gəlməsinin aktuallığına və vacibliyinə diqqət çəkib. Bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov tərəfindən hazırlanmış “Azərbaycanın bitki örtüyü” kitabı, “Azərbaycanın bitki örtüyü xəritəsi” və “Azərbaycanın botaniki-coğrafi rayonlarının xəritəsi” 40 ildən çox müddətdə sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətini nizamlı şəkildə tam əks etdirən mükəmməl əsərlərdir. Yeni nəşrdə Azərbaycan ərazisinin bitkiliklərini əks etdirən 17 fəsilə verilib. Kitabda bitkilik tiplər formasiya qruplarına və assosiasiyalara bölünüb, onların hər biri üçün eddifikator növlər əks olunub: “Elşad Qurbanov Azərbaycan Respublikası üçün morfoloji, ekoloji əlamətlərinə, dominant və subdominant növlərinə görə fərqlənən “səhra” və “psevdomakki” bitkilik tiplərinin ölkə ərazisində yayıldığnı isbat edərək, elmə yenilik gətirib və onları bitkilik xəritəsinə də əlavə edib. Bu xəritələrin hər birinə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib”.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, millət vəkili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva kitab haqqında fikirlərini bölüşüb, nəşrin müasir dövrdə Azərbaycan elmi üçün mühüm məlumatların toplandığı dəyərli vəsait olduğunu bildiriblər.
Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, bu elmi monoqrafiya bitkilərin geobotaniki təsnifatından başlayaraq, onların ekosistemlərdəki roluna, adaptasiya mexanizmlərinə və antropogen təsirlərə qarşı davamlılıq strategiyalarına qədər geniş spektri əhatə edir. Əsərdə fitocoğrafi zonalar və biomüxtəliflik xəritələndirilməsi – Azərbaycanın 9 əsas bitki formasiya tipi və 65 bitki assosiasiyası müəyyən edilib. 215 Qafqaz endemiki və 50 Azərbaycan endemik növü sənədləşdirilib. İqlim dəyişikliyinin flora üzərində təsiri, bitkilərin ekstremal ekoloji amillərə uyğunlaşma mexanizmləri analiz edilib. Ekosistem dayanıqlılığını artırmaq üçün bitki genetik ehtiyatlarının qorunması strategiyaları araşdırılıb.