BDU-nun Jurnalistika fakültəsində “Heydər Əliyev və mətbuat” mövzusunda ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və mətbuat” mövzusunda ustad dərsi keçirilib. Moderator, fakültənin dekan müavini Samir Mirzəyev çıxış edərək tədbirin əhəmiyyətini, Ulu Öndər sayəsində Azərbaycan milli mətbuatının ölkəmizdə hər zaman qabaqcıl ideyaların carçısı olduğunu bildirib.
Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev Ümummilli Liderin hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərməsini vurğulayıb. Ölkəmizdə azad, demokratik mətbuatın məhz Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra inkişaf etdiyini və bu sahədə yeniliklərin baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Heydər Əliyev və mətbuat” mövzusunda mühazirə oxuyub. O, Ulu Öndərin mətbuatla, jurnalistlərlə çox sıx münasibətdə olduğunu, hər zaman onların problemləri ilə maraqlandığını, mətbuatımızın inkişafı naminə böyük işlər gördüyünü qeyd edib. Natiq bildirib ki, bu gün Heydər Əliyev siyasi kursunu onun layiqli siyasi varisi cənab İlham Əliyev uğurla davam etdirir, davamlı dövlət qayğısı və diqqəti medianın inkişafında mühüm yer tutur. Ümumilli Lider Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin “jurnalistlərin dostu” mükafatına layiq görülmələrinin xüsusi əhəmiyyət daşıdığını və beləliklə mətbuata, onun azad inkişafına verilən diqqəti və jurnalistlərə böyük inam göstərilməsini xüsusilə vurğulayıb.
Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor C.Məmmədli tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.