BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb
Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı təbiət və texnika elmləri üzrə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçilib.
Lalə Qəhrəmanlı İtaliya hökumətinin 2022-2023-cü illər üzrə xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün elan etdiyi qrant müsabiqəsinin qalibidir. O, hazırda İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında tədqiqat aparır. Lalə Qəhrəmanlı müsabiqənin qalibi kimi diplom və 2 000 manat pul mükafatı ilə təltif edilib.
Eyni zamanda BDU-nun yüksək elmi nəticələr göstərən əməkdaşları - Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Ələkbər Hüseyn-zadə, Nanoaraşdırmalar ETL-in kiçik elmi işçisi Orxan Güləhmədov, Mexanika-riyaziyyat fakültəsinin doktorantı Təranə Sultanova və Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının laborantı Nərminə Mirzəliyevaya təşəkkürnamə və pul mükafatı verilib.
Qeyd edək ki, BDU artıq üç ildir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.