BDU-nun gənc tədqiqatçısı ABŞ-də sintez olunan azometin törəməsinin antibakterial təsirinə dair çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu (ECA) və Amerika Xarici Araşdırma Mərkəzi Şurası (CAORC) tərəfindən keçirilən “Səfər Qrantı” müsabiqəsinin qalibi olub.
Layihə çərçivəsində Aygün İsrayılova ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Amerika Mikrobiologiya Cəmiyyəti (AMC) tərəfindən keçirilən Mikrobioloji Elmlər Konfrasında (ASM Microbe 2024) iştirak edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər və sənaye şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfrans mikrobiologiyanın müxtəlif sahələrini əhatə edən 20 müxtəlif sessiyasını özündə birləşdirib. Aygün İsrayılova konfrasda “Sinamaldehid əsasında sintez olunan yeni azometin törəməsinin in silico və antibakterial aktivliyinin tədqiqi” adlı məqalə ilə çıxış edib. Tədqiqat işində sinamaldehid əsasında yeni sintez olunan azometin törəməsinin ESKAPE (E.faceium, S.aureus, K.pneumoniae, A.baumanii, P.aeruginosa, E.coli) patogen bakteriyalara qarşı aktivliyi öyrənilib. Alınan nəticələrə görə, kimyəvi birləşmə S.aureus bakteriyasının inkişafını 8 µg/mL qatılıqda ingibirləşdirir. Beləliklə, antibiotiklə (16 µg/mL) müqayisədə azometin törəməli kimyəvi birləşmənin aktivlik göstəricisi S.aureus bakteriyasına qarşı daha yaxşı olub.