BDU-nun Fizika fakültəsində işığın qeyri-xətti qarşılıqlı təsir prosesləri müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib.
Seminarda Optika və molekulyar fizika kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Nəzakət Kərimli “İşığın koherent anti-Stokes səpilməsi zamanı qeyri-xətti qarşılıqlı təsir prosesinin optimal parametrləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, son 20 ildə aparılan elmi araşdırmalar Raman sprektroskopiyasının noninvaziv, zədələyici olmayan tədqiqat metodu olduğundan xəbər verir. Proses işığın mühitdən qeyri-elastiki səpilməsi zamanı mühitin, yəni bioloji obyektlərin spesifik elementlərinin, həmçinin dərman maddələrinin tərkib hissələrinin araşdırılmasına imkan verir. Bu baxımdan qeyri-xətti proseslərdən olan koherent anti-Stokes dalğasının səpilməsi tədqiqat obyekti olaraq maraq doğurur.
Tədqiqatın məqsədi analitik yolla koherent anti-Stokes dalğasının qeyri-xətti mühitə səpilməsi prosesinə təsir edən parametrləri müəyyən etməkdir. Təhlil sabit intensivlik metodu ilə aparılıb. Qeyri-xətti prosesin effektivliyinə təsir edən dalğaların özü ilə və çarpaz qarşılıqlı təsirinə də baxılıb. Müəyyən edilib ki, qarşılıqlı təsirdə olan digər dalğalara nisbətən güclü olan doldurma dalğasının intensivliyini dəyişməklə çıxış anti- Stokes dalğasının intensivliyini artırmaq və prosesi tənzimləmək mümkündür. Göstərilib ki, alınmış nəticələr kubik qeyri-xəttiliyə malik olan optik liflərdə istifadə oluna bilər.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.