BDU-nun Filologiya fakültəsində I kurs tələbələri ilə görüş
Bakı Dövlət Univeristetinin (BDU) Filologiya fakültəsində 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov, fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti və tyutorlar iştirak ediblər.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov tələbələri ölkəmizin ən qədim və böyük ali təhsil müəssisəsinə qəbul olunmaları və yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. O, universitetdə kadr hazırlığı həyata keçirilən ixtisaslar, onların perspektivləri, tədris prosesinin təşkili və gələcək hədəflər haqqında məlumat verib, tələbələri qarşıdakı təhsil müddətində yüksək bilik və bacarıqlara yiyələnməyə çağırıb.
Fakültə dekanı Elçin Məmmədov bu il 105 illiyi qeyd edilən Bakı Dövlət Universiteti ilə yaşıd Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı, nailiyyətləri haqqında tələbələri məlumatlandırıb, son illər Universitetdə həyata keçirilən islahat və yeniliklərdən bəhs edib. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması məqsədilə Universitetin maddi-texniki bazası daha da gücləndirilir, tələbələrin şəffaf mühitdə təhsil almalarına şərait yaradılır. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı və bacarıqlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür.
Dekan müavinləri Ülviyyə Hüseynova, Mehriban Əlizadə və Anar Fərəcov, kafedra müdirləri Məhərrəm Məmmədov, Tofiq Hacıyev, İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev, tələbə təşkilatlarının rəhbərləri çıxışlarında Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin Universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar.
Sonra fakültənin tyutorları tələbələrə tədrisin təşkili, mövcud qaydalar və kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə və tələbələri maraqlandıran digər məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, cari tədris ilində BDU-nun Filologiya fakültəsinə 320 nəfər qəbul olunub. Onlardan 12 nəfəri 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək qəbul göstəricisi 644, 2 baldır.