BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 7 kafedra - Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri, İqtisadiyyat, Dünya iqtisadiyyatı, Maliyyə və menecment, Politologiya və sosiologiya, Riyazi iqtisadiyyat kafedraları fəaliyyət göstərir.
Fakültədə bakalavriat səviyyəsində 9 ixtisas – “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, “Politologiya”, “Menecment”, “Maliyyə”, “Dövlət və ictimai münasibətlər”, “Biznesin idarə edilməsi” və “Statistika” ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
“Beynəlxalq münasibətlər” ixtisası üzrə məzunlar Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, xarici şirkətlər, dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində işləyə bilərlər.
“İqtisadiyyat” ixtisası üzrə məzunlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə iqtisadçı olaraq işləyə bilərlər.
“Beynəlxalq ticarət və logistika” ixtisasını bitirən məzunlar gömrük orqanlarında xarici ticarətin tənzimlənməsi prosesində, eləcə də transmilli şirkətlərdə ticarət və logistika üzrə çalışa bilərlər.
“Politologiya” ixtisasını bitirən məzunlar dövlət və qeyri-hökümət təşkilatlarında, eləcə də sosial təsisatlarda çalışa bilərlər.
“Menecment” ixtisasını bitirən məzunlar müxtəlif dövlət və özəl müəssisələrdə heyətin idarə edilməsi, strateji planlaşdırmanın, inzibati işlərin aparılması üzrə menecer vəzifələrində işləyə bilərlər.
“Maliyyə” ixtisasını bitirən məzunlar dövlətin maliyyə siyasətini həyata keçirən nazirlik, komitə və banklarda, eləcə də yerli və beynəlxalq olmaqla özəl maliyyə-kredit təşkilatlarında işlə təmin oluna bilərlər.
“Dövlət və ictimai münasibətlər” ixtisasını bitirən məzunlar dövlət idarəetmə orqanlarında, ictimai və özəl mülkiyyətə əsaslanan şirkətlərdə çalışa bilərlər.
“Biznesin idarə edilməsi” ixtisasını bitirən məzunlar həm dövlət, həm də özəl mülkiyyətə əsaslanan məhsul və xidmətlərin istehsalını həyata keçirən müəssisələrdə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsini özündə birləşdirən vəzifələrdə işlə təmin oluna bilərlər.
“Statistika” ixtisasını bitirən məzunlar Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, statistika idarələri və özəl mülkiyyətə əsaslanan şirkətlərdə çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.