BDU ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Fərqanə Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fərqanə Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq və maliyyə-iqtisadi məsələlər üzrə prorektoru Sharof Shukhratov və Strateji inkişaf və beynəlxalq reytinqlər şöbəsinin baş mütəxəssisi Jovhar Museyibzada iştirak ediblər.
Qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, BDU Özbəkistanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir.
Qonaqlar təmsil etdikləri Universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıblar.
Görüşdə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi, birgə doktorant hazırlığı, elmi konfransların təşkili kimi məsələlər müzakirə olunub.