BDU ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında anlaşma memorandumu imzalanıb
Bövlət Universiteti (BDU) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək. Bütün bunlar dövlət qurumlarının və ali təhsil müəssisələrinin üzərinə də müəyyən öhdəliklər qoyur.
Rektor imzalanan memorandumun ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətinə töhfə verəcəyinə əminliyini bildirib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə qeyd edib ki, Azərbaycandakı bütün milli park və qoruqlarda təcrübə və elmi-tədqiqat işləri aparmaq üçün hər cür şərait var. BDU tələbələrinin tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətində təcrübə və təlim keçmələri təşkil edilə bilər. Anlaşma memorandumuna əsasən, Xidmətin struktur bölmələrinin əməkdaşlarının BDU-da ixtisasartırma dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur. Birgə əməkdaşlıq çərçivəsində BDU-nun ekologiya ixtisası və ekologiya hüququ üzrə təhsil alan tələbələrinin ekoloji layihələrin hazırlanması və həyata keçirilməsinə cəlb edilməsi işi də təşkil ediləcək.
Anlaşma memorandumunda ekologiya hüququ sahəsində beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin həyata keçirilməsi, eyni zamanda təhsilalanlar üçün etno-ekoloji və ekoturizm yönümlü proqramların hazırlanması, birgə elmi tədqiqatların aparılması, sərgilərin, yay düşərgələrinin təşkil edilməsi də nəzərdə tutulur.