BDU əməkdaşları Avropa Birliyi tərəfindən maliyyələşdirilən COST proqramı üzrə STSM qrant müsabiqəsinin qalibi olublar
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Sevinc Nuriyeva və aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsinin qalibi olublar.
Layihə çərçivəsində Sevinc Nuriyeva “Fotovoltaika üçün çoxlaylı karbon nanoboruları və mis sulfid nanonaqilləri (CN/CuS) əsasında materiallar” mövzusu üzrə Portuqaliyanın NOVA Universitetinin Nanostrukturlar, Nanomodelləşdirmə və Nanofabrikasiya İnstitutunun Material Tədqiqat Mərkəzinin, Lalə Qəhrəmanlı isə “Fotovoltaika üçün gümüş sulfid-kadmium sulfid və gümüş nanonaqilləri və grafen əsaslı (Ag2S-CdS NN/Ag NN/QF) materiallar” mövzusu üzrə Almaniyanın Erlangen-Nürnberq Universitetinin Nazik təbəqəli materiallarının kimyası şöbəsinin əməkdaşları ilə birgə elmi tədqiqatlar aparacaqlar.
Onu da qeyd edək ki, STSM müsabiqəsində iştirak etmiş 120 layihə arasında qalib olmuş 8 qrant layihəsinin 2-si BDU-nun əməkdaşlarına məxsusdur.
Əməkdaşlarımızı təbrik edir və onlara uğurlar arzulayırıq.