BDU əməkdaşı Fulbrayt Səfər Təqaüd Proqramının qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün İsrayılova ABŞ-ın Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun əməkdaşlığı ilə həyata keçirilən 2022-2023-cü tədris ili üçün Fulbrayt Səfər Təqaüd Proqramının (The Fulbright Visiting Scholar Program) Azərbaycan üzrə qalibi olub. O, proqram çərçivəsində ABŞ-ın Emori Universitetinin İnsan Saglamlığının Öyrənilməsi Mərkəzində öz tədqiqat işlərini yerinə yetirib.
Aygün İsrayılova müxtəlif bitki ekstratlarının patogen bakteriya olan Burkholderia cinsinin ayrı-ayrı ştammlarına qarşı aktivliyini, həmçinin bitki ekstraktlarından aktiv molekulların ayrılmasını, müxtəlif təbii və sintetik birləşmələrin sitotoksik və virulentlik aktivliyini öyrənib. Eyni zamanda müxtəlif tip hüceyrə xətləri (Hek293, HaCaT, HuH7.0, TZMBL və s.) ilə işləmə prinsipləri, onların yetişdirilməsi və aktiv molekulların onlara təsir üsulları, spektroskopiya və konfokal mikroskopiya kimi biologiya elmi sahəsinin müasir metodlarını ətraflı araşdırıb.
O, olduğu universitetdə biologiya təhsili, istifadə olunan proqram və kurikulum modelləri ilə də yaxından tanış olub, bir neçə mühazirə dərsində iştirak edib. Səfər proqramı çərçivəsində Aygün İsrayılova beynəlxalq seminar və konfransda çıxış etməklə yanaşı, Emori Universitetində təşkil olunan “Human and planetary Health, SEB-SOE 2023” konfrasının təşkilat komitəsinin üzvü olub.
Aygün İsrayılova ABŞ-da ezamiyyətdə olduğu müddətdə biologiya sahəsində nüfuzlu alimlər Cassandra L.Quave, Woo Shin, Guy Benian, Hiroshi Kadota və başqaları ilə biologiyanın müxtəlif sahələrində elmi əməkdaşlıqla bağlı müzakirələr aparıb.