BDU-da yeni antimikrob təbiətli birləşmələrə dair tədqiqatlar aparılır
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) mərkəzləşdirilmiş elmi seminarı keçirilib.
Tədbirdə BDU rektoru Elçin Babayev, TİİMM-in inzibati heyəti, sektor və elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, əməkdaşları, əlaqəli mövzularda tədqiqat işləri aparan alim və mütəxəssislər iştirak ediblər.
Mərkəzin cari və gələcək fəailiyyəti haqqında qısa məlumat verildikdən sonra Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün İsrayılova dinləyicilərə “Patogen bakteriyalarla mübarizədə yeni antimikrob təbiətli birləşmələrin axtarışı” mövzusunda icmal məruzə təqdim edib.
Aygün İsrayılova antibiotikə davamlı müxtəlif qram müsbət və qram mənfi bakteriyalarla mübarizədə istifadə olunan yeni sintetik birləşmələr barəsində məlumat verib. O, Fulbrayt Səfər Təqaüd Proqramı çərçivəsində ABŞ-nin Emori Universitetinin İnsan Saglamlığının Öyrənilməsi Mərkəzində yerinə yetirdiyi elmi-tədqiqat işi barəsində məruzə edib. Tədqiqat zamanı BDU əməkdaşı müxtəlif bitki ekstraktlarının patogen bakteriya olan Burkholderia cinsinin müxtəlif ştammlarına qarşı aktivliyini, həmçinin bitki ekstraktlarından aktiv molekulların ayrılması, müxtəlif təbii və sintetik birləşmələrin sitotoksik və virulentlik aktivliyini öyrənib. Eyni zamanda müxtəlif növ hüceyrə xətləri (Hek293, HaCaT, HuH7.0 və s.) ilə işləmə prinsiplərini, onların yetişdirilməsi və aktiv molekulların onlara təsir üsullarını ətraflı tədqiq edib.
Sonda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, TİİMM-də belə seminarların silsilə keçirilməsi və gələcəkdə həm Universitetdən, həm də kənar mütəxəssislərin dəvət olunması nəzərdə tutulur.